Bir az əvvəl 2016-cı ilin fizika üzrə Nobel mükafatı açıqlandı. Mükafatı ABŞ-dan olan üç fizikaçı bölüşdü. D.Tulez, D.Holdeyn və M.Kosterlitz mükafatı maddənin topoloji fazalarını və fazalararası keçidin nəzəriyyəsini verdiklərinə görə qazandılar. Topoloji fazalar təbiətin dərin, fundamental gerçəklikləri ilə əlaqədardı. Topoloji faza nədir?
Orta məktəbdən maddənin 3 halını yəqin ki, çoxları bilir. Mayedən qaz, bərk haldan mayeyə və s. keçidlərin də səthi mexanzimindən demək olar ki, çox adam xəbərdardı. Maddənin bu 3 halı orta tərtibli temperaturlarda, normal şəraitlərdə hamıya məlum hallarıdı. Qütbdəki buzlaqlarda ən soyuq (-80° - -85°Selsi), metaləritmə zavodlarında ən isti (3000°-4000° Selsi) rast gəlinən temperaturlardı. Maddənin 4-cü, plazma halı da alovun içində, Günəşdə ortaya yenə yüksək temperaturda ortaya çıxır. Günəşin daxilində istilik 1000000°Selsi tərtibdədi. Görünən odur ki, yüksək temperaturun, istiliyin sərhədi yoxdu, milyon dərəcələrə gedib çata bilir. Amma soyuq temperatur üçün bu belə deyil.
Soyuqluğun sərhədi var. Dəqiq hesablanmış sərhəd: -273,15° dərəcədi. Kainatı gəzib ələk-vələk eləsək, bundan aşağı temperatur mümkün deyil. Tapmaq olmaz. Səbəb təbiətin fundamental qanunauyğunluqları - paylanmalarla əlaqəlidi. Atomlar mütləq soyuqluqda özlərini anormal aparmağa başlayır. Fərqli kvant, maqnetik effktlər ortaya çıxır. Topoloji fazalar elə həmin soyuqluqdakı maddə hallarıdı. Adları çəkilən fizikaçılar topolji fazaların əmələ gəlmə və bir-birinə çevrilməsinin mexanizmini kəşf ediblər.
Topoloji maddə hallarının araşdırılması kvant kompyuterlərinin ərsəyə gəlməsində açar rolunu oynamaqdadı. Danimarkada, Kopenhagen Universitetində tanış bir fizikaçı var. Onların elmi qrupunu yeni kvant kompyuterlərini hazırlamaq üçün "Mikrosoft" maliyyələşdirir. Qrupa maliyyə dəstəyini Bill Qeyts bu yaxınlarda limitsiz elan etmişdi. Araşdırmalar üçün güclü krayogenik sistemlər lazımdı. Temperaturu mütləq soyuqluğa, -273°-ə sala bilən soyuducular qrupa məxsus laboratoriyalarda mövcuddu. Topoloji kvant kompyuterlərini mümkün etmək üçün belə soyuducu sistemlər vacibdi. Dünya üzrə bir çox araşdırma mərkəzində eyni tipli laboratoriyalar var.
Soyuqluqdan söz düşmüşkən, kainat özü də ekstermal soyuq yerdi. Kainatın orta temperaturu -270 dərəcədir, mütləq soyuqluqdan cəmi 3 dərəcə istidi.













