Səfərlər

Buz Dənizi

                                                                                                27 dekabr 2016



Bir neçə gün əvvəl Fransanın kiçik dağ kəndlərindən biri- Şamonidə oldum. Şamoni Alp dağlarında dəniz səviyyəsindən təxminən min metr yüksəklikdə yerləşir. Avropanın ən hündür zirvəsi olan Mon Blan massivi də Şamoni ərazisindədi. Şamoni həm də məşhur “Buz Dənizi” kimi adlanan buzlağın yerləşdiyi məkandı. Avropanın ən iri buzlaqlarından biri olan Buz Dənizi 2000 m hündürlükdə iki əsr ərzində əmələ gəlib. Buz Dənizi vadidə üzüaşağı axan və anidən donmuş çayı xatırladır. Şəkildə buzlağın çəkdiyim fotosudu. İki dağın arasında mavi rəngli Buz Dənizin apokaliptik vahiməli, ecazkar mənzərəsi var. Sanki əvvəl mövcud olmuş həyat dəhşətli soyuqdan bir anda məhv olub. Buzlağın daxilində ziyarətçilər üçün süni mağara da düzəldilib. İçində həmçinin dağlardan tapılmış müxtəlif ölçülü minerallar nümayiş olunur. 


Alp dağlarında apokaliptik vahiməli Buz Dənizi

  Buzlaq ən çox da qlobal istiləşmənin real zamanda təsirilərini göstərməsi baxımından əhəmiyyətlidi. Buzlaq sürətlə əriməkdədi. Fotoda sağ aşağı küncdə plakat görünür. Plakatda “level of the glacier” (buzlağın səviyyəsi) yazısı var. Buz Dənizinin 1990-ci ildəki hündürlüyünü göstərir. 25 il əvvəl buzlağın hündürlüyü fotonun çəkildiyi yerdən olub. Təxminən iki dağ arasındakı vadinin yarısı qədər nəhəng buz kütləsi. Aşağı mağaraya endikcə illər üçün səviyyəni göstərən plakatlar asılıb: 2000, 2005, 2008, 2014-cü illərdəki hündürlüyün azaldığını göstərən yazılar. Yəni buzlaq tədricən indi görünən mavi hissəyə qədər əriyib azalmışdı. Bu o deməkdi ki, milyon kubmetrlərlə su əriyib Aralıq dənizinə qarışıb. Qlobal istiləşmənin təsirilə Yer kürəsində minlərlə buzlaq əriyib yoxa çıxıb. Yəqin ki, əriyən su kütləsi kosmosa uçub getmir. Yer kürəsində dünya okeanının səviyyəsini artırmağa xidmət edir. Bu ümumbəşəri problemin həlli üçün siyasilərin, intellektualların dərhal bir araya gəlməkdən başqa çıxış yolu yoxdu. Fəqət siyasilərin başı müharibələrə, yersiz provokasiyalara qarışıq olduğundan hələ ki, vaxt tapa bilmirlər. Qlobal istiləşməylə bağlı son dövrlərin ən irimiqyaslı hadisəsi Leonardo Di Kaprionun baş rolu oynadığı “Daşqından əvvəl” sənədli filmidi. "Nat Geo"-nun bu filmi oktyabrdan efirlərdə və internetdə nümayiş olunur. Bu haqda yazmışdım.

 

  Hegel Ev-Muzeyi

                 15 mart 2016

Bir-iki ay əvvəl Almaniyada Hegelin ev-muzeyində oldum. Alman idealizminin atası sayılan Hegel bu evdə doğulub, 18 yaşına kimi burda yaşayıb. Berlində, Yenada, Tübingen və başqa şəhərlərdə həyatının daha sonrakı yaradıcılığı haqda sərgi ev-muzeydə nümayiş olunur. Hegelin təsvirlərində tez-tez rastlanan beretkası, əlyazmaları, tələbə dostları Şellinq və Hölderlinlə yazışmaları da həmin sərgidə yer alır. Hegellə vaxtaşırı fəlsəfi müzakirələr aparan Şellinq və Hölderlin də sonradan tanınmış alman şair-filosofları olur. Ev-muzeyi gəzdikcə divarlardan bu üçlüyün pıçıltıları gəlir, Hegelin kanonik fəlsəfi ideyalara görə dostlarına qarşı çıxması eşidilir.
İndilərdə ev-muzey həm də fəlsəfi söhbətlərin, mühazirələrin, ədəbi müzakirələrin, gecələrin məkanıdı. Hər cür mövzuda, hər elm sahəsinə aid fəlsəfi düşüncələr kafesi. Fəlsəfə kafesində olacaq mühazirələrin elanlarına göz gəzdirirəm. Diqqətimi bir mühazirə daha çox çəkir: “Neyroelm və Beyin”. Son dövrlərdə neyroelmdə gedən və davamlı sayları artan elmi araşdırmalar hələ iri-iri suallara cavab vermədə acizdilər. İnsan beyni material yığını, neyron-akson-sinaps qarşılıqlı təsirlərin çoxluğudu. Bəs fikirlər, düşüncələr, hisslər, duyğular, xəyallar necə formalaşır? Niyə musiqi beynə məxsus fundamental domendi? Bəşər övladı süni zəka ilə bu əlaqələri təmin edərək özünəbənzər varlıqlar yarada biləcəkmi? Suallar çoxaldıqca maraq da artır, prosesin sonunu görməyə tələsir insan. Varlıq tarixinin çoxunu bu suallara cavab verəcək səviyyədən uzaq olmuş bəşərin indilərdə tutduğu yol hardasa ümidvericidi. Elm, elmi araşdırma, sınama, yoxlama, eksperiment, ölçmə, rasional analiz və s.. Təəssüf ki, bizim insanın hətta intellektual, aydın kəsimi də bundan hələ ki, gen gəzməkdələr. Şairin şeiri, aforizmin gücü, ideologiya fanatikliyi yolu bulanıqlaşdırır, qət edilməli məsafələri uzatmaqdadı. Fəlsəfənin yeri gəldikcə və tez-tez elmdən güc, legitimlik almalı olduğunu Qərbdə elm kommunası artıq başa düşsə də, bizim aydınlar hələ də məsələyə dırnaqarası baxmaqda israrlı görünürlər.
Ev-muzeyində maraqlı gələn məqamlardan biri də, yuxarıda sözügedən mühazirələrin çoxunun ödənişli olmasıdı.Bu, bizim insanımıza yad görünə bilər. Kimsə fəlsəfi söhbət edəcək və sən də həmin adamı yalnız pul qarşılığında dinləyəcəksən. Mümkün deyil!
Amma bunlar hardasa başa düşüləndi. Heç anlaşılmayan və tamamilə utopik görünən Hegelin ev-muzeyində toy etməyin mümkün olmasıdı. Bəli, muzeyin elə altındaca özünə aid salonu var və istəyən cütlüklər toylarını Hegelin muzeyində edə bilərlər. Muzey və toy. Bizim insan üçün muzey və şadlıq sarayı spektrin bir-birinə ən uzaq iki nöqtəsi kimi bir şeydi. İki əks qütbdə yer alan bu konsepsiyaları necə də bir məkana sığdıra biliblər! Ölkəsində hər addımbaşı şadlıq sarayı olan ənənəvi toplum və toylarını muzeydə keçirə biləcək qədər mental düşüncəyə sahib toplum. Fərq burdadı. Və daha başqa nüanslardadı.

 

 

 Kepler Ev-Muzeyi

                                                                                                                              
   27 dekabr 2015
 
Bu yaxınlarda Kepler ev-muzeyində oldum. İohan Kepler planetlərin hərəkət qanunlarını kəşf edən astrofizik, kral sarayında riyaziyyatçı olmuşdur. Ən çox da onunla xatırlanır ki, 17-ci əsrdə Qaliley, Nyuton, Dekart və başqalarıyla birlikdə modern elmin əsasını qoymuşdur.

Ev-muzey Almaniyanın cənubunda kiçik Vaylderştad şəhərində yerləşir. Kepler vəqfinə aid olan muzeyi elə Keplerin sülaləsindən gələn bir qoca idarə edir. Yaşlı adam ulu babasının etdiklərindən ağız dolusu danışırdı. Anasının riyaziyyatçı olduğunu deməklə nəsillikcə Keplerin mirasına sadiq qaldıqlarını göstərmək istəyirdi. Haqsız da deyildi təbii ki.

O vaxtı Kilsə və elm adamları arasında gərginlik xeyli artmışdı. Əldə olan astronomik datalar Kilsə öyrətilərinə uyğun gəlmirdi. Heç elmi olaraq da məlumatlar bir-birinə düz gəlmirdi, ziddiyətli nəticələr verirdi. Bu dataların içində ən əhatəlisi danimarkalı astronom və astroloqu Tayko Brahinin Mars planetini müşahidələri ilə əldə etdiyi məlumatlar idi. Brahi 20 il ərzində öz observatoriyalarında Mars planetinin hərəkətini qeyd etmişdi. Nəticədə gözlədiyi kimi sadə dairəvi yox, şəkildəki kimi üzərində döngülər olan dairələr almışdı. 
Brahinin Marsın hərəkətini müşahidə edərkən aldığı nəticə


1609-cu ilə qədər böyük əksəriyyət geosentrik modeli doğru qəbul edirdi, Günəş və o vaxta qədər bilinən digər 6 planet Yerin ətrafında fırlanırdı. Tayko öz Taykoean sistemində isə fikirləşirdi ki, yox, bütün digər planetlər Günəşin , Günəş özü isə Yerin ətrafında fırlanırdı. Amma hər ikisi, geosentrik və heliogeosentrik model Taykonun dataları ilə uyğun gəlmirdi.

Tarixi siyasi və dini çalxalanmalar elə gətirir ki, Praqada Tayko və Kepler qarşılaşmalı olur. Tayko brilyant zəkalı Kepleri özünə köməkçi götürür. Götürür ki, əlindəki dataları nəzəri hesablasın. Düşünmək olardı ki, empirik bilik nəzəri biliklə qarşılaşmışdı. Ortaya həqiqətin çıxmasını gözləmək olardı. Amma bu dəfə də şəxsi qərəz və intriqa maneə törədirdi. Taykonun Keplerdən acığı gəlirdi. Onu yanına yalnız “gəzən kalkulyator” kimi götürmüşdü. Kepler isə maddi səfalət içində olduğundan dözürdu Taykonun kaprizlərinə. Bundan da daha çox Taykonun qızıl kimi datalarına çatmaq istəyirdi, amma Tayko məlumatları ona damla-damla veriridi. Elə olur ki, 1601-ci ildə Tayko qəfildən ölür. Datalar Keplerə yadigar qalır. Bundan sonra Kepler 9 il ərzində hesablama apararaq indi bildyimiz sadə həqiqəti-heliosentrik modeli kəşf edir: sən demə, Yer və digər planetlər Günəşin ətrafında fırlanırmış.

Keplerin işi bununla bitmir. O, “Harmonices Mundi” əsərində planetlərin orbitlərinin formalarını, həndəsi fiqurlarla musiqi səsləri arasında bağ taparaq musiqi nəzəriyyəsinə də töhfə verir. Lüteran Kepler fikirləşirdi ki, Tanrının yaratdığı dünyada harmoniklik mövcud idi və özünü bu harmonikliyi ortaya çıxaran həqiqət aşiqi hesab edirdi.

Yeri gəlmişkən, bu gün həm də Keplerin doğum günüdür.

 

 

 

"Mersedes" Keyfiyyətinin Səbəbləri


1 iyul 2015


İki gün əvvəl “Daimler AG”-in Almaniyada yerləşən zavodlarından birinə turda iştirak etdim. Mersedes-Bens bu konsernin diviziyalarından biridir. Zavod həm də “Mersedes”in avtomobil istehsal olunan ən böyük müəssisəsidir. E və S-klass , AMG GT idman avtomobilləri burda istehsal olunub yığılır. Günlük 2000 maşın istehsalı 26000 işçinin əməyi hesabına başa gəlir.

İstifadəçi razılığından, yəqin ki, danışmağa lüzum yoxdu. Ancaq “Mersedes” keyfiyyətinin arxasında duran şərtləri görəndə heyran olmamaq mümkün deyil. Tarixdə ilk avtomobilin ixtirasındakı kimi çəkilən zəhmət və zehni əməyi indiyə kimi daşımaq, deyərdim ki, ən əsas faktor olub.

İlk mühərrikli avtomobilin (faytonun) planı üzərində işləyən Karl Bens pul sarıdan əziyyət çəkir.Nişanlısı və tarixin ən ambisiyalı qadınlarından olan Berta Bens öz nişanlısına ixtirasını tamamlamaq üçün ailəsindən aldığı pullarla yardım edir. O vaxtkı Almaniyada nişanlı qadının bu cəhdi əslində cəmiyyətdə heç də yaxşı qarşılanan davranış deyildi.Buna baxmayaraq, Berta nişanlısına yardım edir,1888-ci ildə ilk avtomobil ixtira olunur və elə özü də sükan arxasına keçən ilk insan olur.Tarixdə avtomobili ilk dəfə qadın sürüb, özü də anasıgilə,öz evlərinə getməyə cəhd edib.Təsəvvür edin, ətrafda heç kimdə maşın yoxdu, tək özünüz sürürsünüz. Hər halda Berta o anda çox qəribə hisslər yaşamış olmalıydı.Gərgin zəhmət və əməyin bəhrəsi.

Gərgin əmək indi də davam edir. Müasir ”Mersedes”-in şəksiz keyfiyyətinin ən əsas səbəbi fizik və mühəndislərdi.Təkcə ziyarət etdiyim zavodda 2000 maşın presslənmə, hissələrin lazerlə yapışdırılması, bərkidilməsi, toplanması, daşınması proseslərindən keçir.Platformdakı hər avtomobil üçün fərqli korpus dizaynı (sedan,kupe və s.), panellər, rəng, mühərrik növü, daxili dizayn, hansı ölkəyə daşınması və s. nəzər alınanda mühəndislər 700000 müxtəlif kombinasiyanı fikirləşməli olurlar.Elə işlər var ki, 99% robotlaşdırılıb. Həmin işləri balet edən robotlar yerinə yetirir. Fiziklərin digər bir işi də mühərriyin içindəki termodinamik prosesləri müəyyənləşdirməkdən ibarətdir. Həmin zavodda istehsal olunmuş ən maraqlı avtomobil Ərəb şeyxlərindən birinin qızıl örtüklü S-klassı olmuşdu.(!)

Keyfiyyətin digər səbəbi bu qədər kompleks işləri yerinə yetirən sıravı işçilərin psixoloji durumlarıdır.”Mersedes” həmin işçilərin çox rahat olmalarını fikirləşir, stresssiz iş rejimi tətbiq edir. Fəhlələrin əlavə işlədikləri hər bir saatın belə hesabı nəzərə alınır və haqqları ödənir.

Şəkildə yeni yığılıb rənglənməyi gözləyən S-klass korpusu:




Kopernik Elm Mərkəzi



23 mart 2015



Keçən həftə Polşadakı Kopernik Elm Mərkəzində oldum. Varşavada yerləşən mərkəzi “elm atraksionu” da adlandırmaq olar. Aquapark,Lunapark kimi atraksion. Texnologiyanın nailiyyətlərini istifadə edərək elmi məsələləri hazır, asan, anlaşıqlı halda elmdən uzaq insanlara da çatdırmaq burda əsas məqsəddi.
Elmi əyləncəli halda geniş kütlələrə çatdırma çox da qədim olmayan bir trenddir. Fiziklərdən Eynşteynin bir neçə cəhdini, kvantın banisi Plankın bir-iki mühazirsəini, Şredingerin “Həyat nədir?” kitabını çıxsaq, demək olar ki, elmlə sadə insanlar arasında bağlantı yox idi. Elmi kommunikasiyanı K.Seyqan, S.Hokinq kimi tanınmış simalarla 80-ci illərdə başlayan və R.Dokinz, F.Kollins, C.Barrou, D.Dennet,P. Deyvis, B.Qriin, C.Ellis kimi elmin öndərləri vasitəsilə davam edən proses kimi görə bilərik. Bu elm adamlarının yazdıqları elmi-populyar kitablar elmin abstrakt kimi görünən məsələlərini sadə dillə adi oxuyucuya çatdırmaqdadı. İndilərdə bu proses elm festivalları, kampları,”sci-fi” filmlərlə, elm atraksionları vasitəsilə daha da genişlənməkdədi. Kopernik Elm Mərkəzi də bu tipli yeni elmi kommunikasiya vasitəsidi.
Həmin Mərkəzdə su qurğuları, yük daşıma alətləri, od əldə etmə vasitləri kimi bəşər sivilizasiyasının ilkin icadlarından tutmuş lazerlər, sensorlara kimi modern dövrün mürəkkəb elmi nailliyətlərini əks etdirən 400-dən çox sərgi təşkil olunub. Ən əsası odur ki, sərgi passiv halda deyil, ziyarətcilərini interaktiv formada elm dünyasına cəzb edir. Robot şouları, işıq oyunları, səs dalğalarının möcüzələri, əyləncəli riyaziyyat, su və plazma göstərilərinin əksəriyyətini kontrol edərək təmasda olmaq böyüklərə anlaşıqlı izah verir, uşaqların fantaziyalarını gücləndirir, elmə həvəs yaradır. Musiqilə, rəssamlıqla elmin kəsişdiyi göstərilər sənət adamlarına daha da maraqlı gəlir.Bir sərgidə kubist və sürrealist rəssamların əsərlərində istifadə etdiyi həndəsi metodların elmi izahı verilir və s..
Polşa yaxın keçmişdə kifayət qədər müharibələrin məkanı olmasına baxmayaraq, Polşa Təhsil Nazirliyinin belə bir mərkəzə sponsorluq etməsindən elmin onlar üçün necə əhəmiyyətli olduğunu başa düşmək olar. Ona görədir ki, Kopernik, Maria S. Küri, Çohralski kimi dahilərin vətənidir Polşa.

Aşağıdakı videoda sözügedən Mərkəzdə yerləşən “Yüksək Gərginliklər” Teatrından bir hissə. Məşhur Tesla bobinləri. Ətrafdakı havanı ildırım kimi yaran qurğu. Havanın yarılmasının çatırtı səslərini “Karib Dənizinin quldurları” filminin soundtreki ilə modulyasiya edirlər. Musiqi səsləri sadəcə qığılcılmlar havanı yararaq yaranır. Başqa adı zeusofon olan oxuyan Tesla bobinlərindən filmlərdə real vizual effekt kimi çox istifadə olunur.


 

 

 

CERN Səfəri

 23 mart 2015

Dünən CERN-dən iki günlük səfərdən qayıtdım. Avropa Nüvə tədqiqatları mərkəzi olan CERN həm də LHC-nin yerləşdiyi yerdi. LHC haqqında keçən statuslardan birində yazmışdım.

Qısa onu demək olar ki, LHC Fransa-Isveçrə sərhədində yerləşən 27 km uzunluqda dairəvi tuneldi.Təxminən səthdən 100 m aşağıda metro tunelinə oxşar formada dizayn olunub. O tuneldə qatarların əvəzinə də subatomik parçacıqları hərəkət etdirirlər, sürətləndirirlər.

Dünyanın ən bahalı eksperimentidi.Təqribən 10 milyard avro. Qurğu həm də insanlıq tarixi ərzində düzəldilmiş ən boyük maşındı, mexanizmdi. 10000 elm adamının kolloborativ səyləri ilə burda bir vaxtlar insanların utopik gördüyü anlayışları reallığa çevirirlər. Məsələn, 50 ildirki fiziklərin axtardıqları meshur "Tanrı parçacığı"nı (əslində Higz bozonu) 2012-ci ilin iyulunda məhz LHC-də tapa bildilər. Kainatın necə var olması sualina cavab vermədə ən önəmli əngəl idi ki, həll olundu. Bundan sonra LHC-ni dayandırıb, 2 illik fasilə verildi ki, növbəti mərhələyə hazırlansın. 2015-in mart ayına qədər.

CERN-ə səfərim bu zamana uygun gəldi. Artıq ikiqat gücləndirilmiş qurğunun üzərində son yoxlamalar gedir, fiziklər və mühəndislər gərgin iş başındadılar. 10 gündən sonra çoxdan gözlənilən LHC-nin 2-ci cəhdi başlayacaq. Bütün elm adamlarının dörd gözlə gözlədikləri vaxt yetişib. Bəs 2-ci cəhddən nə umur bu araşdırmaçılar?

1) Qaranlıq maddəni tapmaq. Nədir Qaranlıq maddə? Təsəvvür edin ki, ətrafınızda olan əşyaları bir yerə toplayırsız, stol-stul, mebel, divan, evin hər əşyasını, evin divarlarını, bütün evləri, binaları, zavodları, ağacları, dağları, okeanları, Yer kürəsinin özünü, Ayı, Mars, Saturn qarışıq bütün Günəş sistemini toplayırsız bir yerə, bəs etmir, əlavə edirsiz gecə gördünüyüz 6000 ulduzu, kometləri, asteroidləri, Andromeda qalaktikasını, digər milyardlarla qalaktikaları, klasterləri, nebulaları , hər şeyi, ağlımıza gələn hər şeyi. Ağlasığmaz olsa da bu, kainatın cəmi 5%-dir. Yerdə qalan Kainatın əsas hissəsi isə həmin qaranlıq maddə ve enerjidi. O qaranlığı tapmaq.

2) Ekstra dimenzionları, ölçüləri tapmaq. Sadə dillə desək, 4 boyutdan əlavə boyutları eksperimental təsdiq etmək. 5-ci boyutu, 6-nı...10 -cu boyuta qədər. Bu da, LHC-nin 2-ci cəhdinin ikinci məqsədidir.

Şəkildə 2012-də " Tanrı parçacığının" tapılma anındakı elm adamlarınin sevinci.

© Hiqz bozonunun kəşfinin elanı, 2012-ci il


No comments:

Post a Comment