August 20, 2016

Model Seçimi və Toplumların İnkişafı

İnsanların və toplumların inkişaf xəttinə təsir edən o qədər irili-xırdalı faktorlar var ki, onların bütövünü nəzərə alıb dəyərləndirmə, hesablama aparmaq lazım gəlir. 

Hər hansı sistemin evolusiyasını, zamandan asılı necə dəyişəcəyini təyin etmək elə dəqiq elmlərin də əsas predmetlərindən biridi. Bu isə modelin uğurlu seçilməsindən çox asılıdı. Məsələn, daşı havaya atmaq və nəticəsini, düşəcəyi yeri bilmək üçün atıldığı sürəti və bucağı modelə daxil etmək kifayət edir. Amma küləyin sürətini, istiqamətini də modelə daxil etmək nəticəni daha dəqiq hesablamağa kömək edir. Hələ atılan daşın forması da daxil edildimi, bunların hamısından da təkmil model meydana gələr və s.. Yəni bacarılan qədər daha çox təsir edən amilləri, başlanğıc şərtləri əlavə etmək modeli mükəmməlləşdirir. 

Daş misalı cox sadə fiziki olqudu. Fizikada bu, rahatlıqla həll olunur. Modeli qurmaq asandı. Amma təbiətdə elə hadisələr və dəyişmələr var ki, modeli qurmaq dəhşətli dərəcədə çətindi. Model qurulsa da sonradan onu həll etmək bundan da çətin mərhələdi. Məsələn, okeanlarda burulğanların əmələ gəldikdən sonra dəyişməsini hesablamaq həll olunmayan məsələ kimi qalmaqdadı. Və ya neyroelmdə beynin necə çalışmasını, fikirlərin necə formalaşmasını təyin etmək mümkün olmayıb. Dahi fizik S.Hokinq deyir ki, bunu da təyin etmək olar, amma modeli təşkil edən trilyonlarla tənliyi həll etmək lazımdı. Praktiki həll olunmayan bir şey də modeli bilinsə belə yenə bilinməyənlər kateqoriyasına girir. Başlanğıc və sonrakı şərtlərin bilinməməsi, bilinsə də modelə daxil edilməməsi, daxil edilsə də həll oluna bilməməsi xaotikliyi, mürəkkəbliyi, kompleksliyi artırır. 

Toplumların inkişafı və dəyişmə xətti də xaotik, kompleks və indeterminist prosesdi. Başlanğıc şərtlərdən asılı olması onu xaotik edir, çoxlu faktorun olması onu kompleksləşdirir, həll edilməli tənliklərin N-qədər olması da ona indeterminist xarakter qazandırır. Biofizik, antropoloq, ekoloq, sosioloq və dahi insan C.Diamond “Kollaps: Toplumlar müvəffəq olmağı və süqut etməyi necə seçirlər?” kitabında indiyə qədər yaşamış, keçmişdə məhv olmuş , inkişaf etmiş çox müxtəlif toplulmarın tərəqqi, dəyişmə xəttini və nailliyyətlərini, məğlubiyyətlərini üzə çıxardır. O göstərir ki, təbiət və ətraf mühit, tarixi qlobal istiləşmələr, vəhşi və düşmən qonşular, iqtisadi tərəfdaşlar toplumların inkişafında və məhvində necə əhəmiyyətli rol oynamışdır.

Keçən ilki araşdırmalardan birində hətta insaların danışdıqları dillərin belə onların inkişafını müəyyənləşdirən amillərdən biri olduğu isbatlanır. Çinlilərin dilləri onların inkişafını ləngitmiş amil olduğu göstərilir. Hətta özümün də nəticəyə gəldiyim kimi, insanların rəngləri belə onların tərəqqisində önəmli rol oynayıb. Dillərin necə ortaya çıxmasını əsas alıb insaların ilk yarandığı vaxtlara qədər geri getmək, Afrikadan digər qitələrə necə yayılmasını, bu yayılmada düzənlik, dağlıq, soyuq və ya isti qurşaqlarda məskunlaşmaları, kulturoloji aspektlər, tarixi dövr ərzində genofondun dəyişməsi, qarışması və s. inkişaf modelinə təsir edən faktorlar olaraq nəzərə alınmalıdı. 

Bir olayla, tək amillə cəmiyyətləri müqayisə etmək yetərsiz qalır. Üstəlik onun bundan üstünlüyü, bunun ondan mədəni olması kimi çıxarışlar dəyərləndirmələri reallıqdan uzaqlaşdırır. İnsanların biokimyəvi olaraq fərqlərinin cəmi 0.4 % olduğunu da nəzərə alsaq, bu cür söhbətlərin reallığı necə təhrif etdiyini görmək olar. Bu haqda daha əvvəl yazmışdım.

No comments:

Post a Comment