August 16, 2016

Zaman Məfhumu

Zaman məfhumu fiziki xarakteri və fəlsəfi nəticələri etibarilə natamam olaraq qalmaqdadır. Qədim Yunanların təbiəti təsvirində zaman dəyişməz və abstrakt mövcudiyyət idi. Modern elmin başlanğıcı sayılan Nyuton–Qaliley fizikasında təxminən eyni münasibət vardı. Əlavə edilən o oldu ki, zaman bir parametr kimi təbiətin qanunlarına, formullara dinamikliyi qazandırdı və ən əsası da mütləq idi. Tamaşalar, aktyorlar və rollar dəyişsə də dəyişməyən səhnə kimi zaman və fəza da sabitdi, toxunulmazdı.

1905-dən sonra Eynşteynin məşhur məqaləsindən sonra zaman haqqında düşüncələr kökündən sarsıldı. Ən çox inanılan görüş, zamanın mütləqliyi sarsılmısdı. Nisbi zaman isə həm fəlsəfə, həm də fizikada bütün strukturu yenidən gözdən keçirmək demək idi. Vəziyyət qəlizləşdi. Bir çox anlayışı yenidən interpretasiya etmək lazım gəldi. D.Hyum səbəb-nəticə əlaqəsinin epistemoloji problemini heç olmasa zamanın ardıcıllıgı ilə bir təhər izah edə bilirdi. Hyuma görə zaman olaylara ardıcıllıq qazandırır; zaman olmasaydı stəkan stolun üstündən düşüb qırılmazdı. Nisbiliyin ortaya atılmasından və ard–arda yeni eksperimentlərlə də bu iddia doğrulandıqca bir çox formullar yenidən işlənməli oldu.

Indilərdə zamana Böyük Partlayışla (Big Banglə) ortaya çıxmış fiziki reallıq kimi baxılır. Üstəlik zaman ayrıca realliq da deyil. O fəza ilə birlikdə “fəzazaman” korporeallığını əmələ gətirir. Bu o deməkdir ki, zaman fəzazamanın bir ölçüsüdü, boyutudu. Fəzadan bir fərqi var ki, zaman bir istiqamətlidi. Geri dönə bilmir. Cəhdlər olsa da “zaman niyə tək istiqamətdə axır?” sualına cavab vermək mümkün olmayıb.

Yaranmış varlıq kimi zamanın başlanğıcı (Big Bang) var və o sonludu. Bu yaxınlarda bir elmi məqalədə “zaman nə qədər keçə bilər sualına aydinliq gətirmişdilər. Necə min, necə milyon il? Sonludu. Maraqli suallardan biri də bu olur ki, zaman yaranmamışdan əvvəl nə vardı? Məsələ orasındadıkı morfologiyada (dilçilikdə) “əvvəl” sözü zaman mənalı qoşma sayılır. Yəni təxminən bu sualı soruşmuş olurlar: zaman nə zaman yarandı? Aydın məsələdi ki, sual mənasını itirir.

Ümumiyyətlə, hal-hazırda nüfuzlu fizikaçılar bu fikirdədilər ki, keçmiş və indiki zaman kimi gələcək də artıq baş verib. Zamanın əvvəlindən sonuna kimi artıq bütün hadisələr olub bitib. Hər şey (düşüncələrimiz də daxil) baş verib. Çoxlarının fikirləşdiyinin əksinə, xəyallarımızın özü də sonludu, sabitdi (Sonsuz, ucsuz- bucaqsız xəyallara dalmaq boş söhbətdi). Bütün keçmiş, indiki və gələcək hadisələr paltar iplərə sərildiyi kimi sərilib. Sanki zaman çoxdan baş verib, donub. Bütün olaylar buz tutub. Zamanın özü də sona çatıb. Təxminən bu deməkdir ki, illuziv bir kainatın içindəyik. Şəkildə bunun vizual təsviri.


No comments:

Post a Comment