August 5, 2016

Kvant Kompyuterləri

Keçən il noyabr ayında Avstraliyada araşdırma qruplarından biri mikroçip üzərində ilk dəfə yüksək dəqiqlikdə kvant versiyalı kompyuter kodu yazmağa nail olmuşdu. Şəkildə bunu bacaran “Kvant Hesablaması və Kommunikasiya Texnologiyası” qrupunun elə öz laboratoriyalarından çəkilmiş fotosudu. Bununla indiyə qədər Kvant Superkompyuterlərinin mümkünlüyünə hardasa şübhə ilə yanaşırdılarsa, artıq bütün tərəddüdlər aşıldı. 2016-dan dünya elm aləmi və kompyuter texnologiyası yeni eraya başlayır.

“Kvant Hesablaması və Kommunikasiya Texnologiyası” qrupu, Avstraliya


Hal-hazırda istifadə etdiyimiz PC, laptop, smartfonlar klassik 0-1 məntiqi ilə işləyir, məlumatı bitlər şəklində emal edir. Gələcək kvant kompyuterləri 0 və 1-ləri qarışdırıb məlumatı qubitlər (“quantum bits”) şəklində emal edəcək. Bunun üçün kvant fizikasının qarışıq mövzularından birini—kvant dolaşıqlığını istifadə edirlər. Kvant dolaşıqlığı sadə dillə, onu deyir ki, bir-birinə dolaşmış iki zərrəcik aralarındakı məsafədən asılı olmayaraq məlumatı bir-birinə sonsuz sürətlə, işıqdan da sürətli ötürə bilərlər. Zərrəcikləri dolaşdırmaq üçün xüsusi halda (“entangled states”) hazırlamaq lazımdı.

Kvant fizikasının özəlliklərindən istifadə edərək superkompyuterlər düzəltmək üçün dünyada bir çox araşdırma qrupları qızğın iş başındadılar. "Google", "Microsoft", "İBM" kimi texnologiya nəhənglərinin sırf bu iş üçün ayrıca laboratoriyaları var, kvant hesablama sahəsindəki öndə gedən fizikaçıları çox yüksək maaşla həmin qruplarında işlədir. Maraqlı məqam orasındadır ki, bu sahədə gedən araşdırmalar məxfi şəkildə aparılır. Tanış bir fizik var. Danimarkada "Mikrosoft"-un maliyyələşdirdiyi qrupda doktorantura elmi işi ilə məşğuldu. Həmin qrupun başçısı ilə Bill Qeyts birbaşa görüşür, maliyyəsiylə bağlı istənilən qədər vəsait ayıracağını deyir. Milyonlar ayrılır. "Google" da başqa bir belə fizika qrupunu özü maliyyləşdirir, qrup üçün Google Kvant Süni Zəka Laboratoriyasını istifadəyə verib. Təbii ki, gedən araşdırmalar yenə məxfi xarakter daşıyır. Beynəlxalq elmi jurnallarda araşdırma nəticələrini dərc etmək yasağı var. 2017-ci il üçün hər iki qrup yenilik etməyə tələsirlər.

Sadaladığım rəqabət ABŞ-ın supergüc xarakterini əldən verməməyə çalışdığını göstərir. Soyuq Müharibə dövründəki Rusiya kimi güclü rəqibi də yoxdur heç. Rəqabətin paradiqması da dəyişir artıq. Danimarkanı bu yaxınlarda ziyarət edən fizik dostum irəliləyişin biz təsəvvür etdiyimizdən də sürətli getdiyini deyir. Təsəvvür edin ki, yuxarıda sözügedən qrup 7 gün/24 saat dayanmadan araşdırma aparmaqdadı.

Ölkə olaraq hansı problemlərlə məşğul olduğumuz təəssüfləndiricidi.Yağış, qar yağır, küçə suyun içində qalır. Körpü tikildiyinə görə böyük müvəffəqiyyətmiş kimi qırmızı lent kəsilir. Yol-nəqliyyat, xırda məişət problemləri və s. kimi işlərlə məşğul olan insanların stresi, gərginliyi boğaza qədər. Yuxarıda yazılanlarla bunları müqayisə edəndə bir sual çıxır qarşıya: Biz ümumiyyətlə, nəyi qoyub, nəyi axtarırıq?!

No comments:

Post a Comment