September 8, 2016

Ulduz falı, Cadu və Reallığın Təbiəti


Reallığın təbiəti

Reallığın təbiəti elm adamlarının, xüsusilə fiziklərin üzərində ən çox baş sındırdıqları suallardan biridi. Reallığın təbiəti nədir? Bir neçə model var. Reallığı qavramada ən əsas məsələ ”görmə"-nin necə baş verdiyini qavramaqdır (bu haqda yazmışam). Burda qısaca onu demək olar ki, görmə olayı, görüntü maksimum işıq sürətilə (fundamental sabitlə) baş verir. Sanki görüntü işığın üzərinə yapışdırılır. Məsələn, gecə ulduzlu səmaya baxan zaman əslində biz tarixə baxırıq. Kainatın tarixinə. Görünən ulduzlar indiki həmin ulduzlar deyil. Bəzilərinin 10 il, 100 il əvvəlki hallarıdır. Hətta elə ulduzlar var ki, milyard il əvvəlki halıdır, görüntüsü Yer kürəsinə indi gəlib çatır. Bu o deməkdir, görünən o ulduzların eləsi var ki, artıq yoxdu, sönüb, dağılıb, supernova partlamasına məruz qalıb.

Eyni reallıq kənardan Yer kürəsinə baxan adam, yadplanetli (əgər varsa!) üçün də keçərli olar. Məsələn, Yerə ən yaxın ulduz, Proksima Sentauri, 4,2 işıq ili uzaqda yerləşir. Proksima Sentauridən Yeri müşahidə edən biri olsa, ən yaxşı halda 4 il əvvəli, yəni 2012-ci ildə Yerdə baş vermiş hadisələri görə bilər. Onun üçün Yerdə hələ 2012-ci ildir. 2013-cü ilin görüntüsü isə yoldadı, həmin ulduzdan 9 trilyon km uzaqdadır və sürətlə ulduza tərəf irəliləməkdədir. 2016-da baş vermiş indiki olayları isə, ordakı adam 2020-ci ildə görə bilər. Daha da vahiməlisi odur ki, fəzada elə uzaq nöqtələr var ki, ordan baxanda Yerin hələ təzə-təzə yaranmaqda oldugu görünür. Toz-dumanın içində, vulkanlar püskürür, insanlar da yoxdu hələ, yaranmamışıq. Maraqlı orasıdır ki, hal-hazırda pəncərədən işıqları düşən Günəş də indiki Günəş deyil. İndi gördüyümüz onun 8 dəqiqə əvvəlki görüntüləridi. Bəxtimiz gətirib ki, heç olmasa, Ay indiki Aydı, təxminən 1 saniyə əvvəlki Ay. 

© Görüntünün ötürülməsinin vizual təsviri.

Belə demək olar ki, reallıq fəza-zamanda gedib-gələn səssiz görüntülərdən ibarətdir. Amma bu çox sadə və başa düşülən modeldi. 1998-ci ildə argentina əsilli fizik X.Maldasena hesablamalarında kainatın tamam fərqli modelini alır. Bu modelə görə gözümüzə görünən kainat heç də 3 ölçülü deyil. Holoqram kimi 2D-dir. Kənardan baxanda 3D görünür. Buna kainatın Holoqrafik modeli deyilir. 

Ulduz falları

Reallığın təbiətini biləndən sonra aydın olur ki, ulduzların çoxu heç indi yoxdu, təzə yaranan ulduzların işıqlarının Yerə gəlib çatmasına isə hələ çox var. Selestial koordinat sistemində bir-birindən min işıq illəri qədər uzaq olan (çoxusu da olmayan) ulduzların qruplar, topalar halında Mavi Planetimizə təsiri əlbəttə ki, yoxdu. Üstəlik mürəkkəb insan beyninin işləyib müxtəlif psixoloji durumlar əmələ gətirən və entropiyanın davamlı artdığı vəziyyətdə belə bir təsiri tamamilə çıxdaş etmək lazımdı. Sönmüş, parçalanmış ulduzların yalnız cüzi radiasiya təsirləri mümkündür. Başqa bir təsirləri də Günəş sisteminin qalaktik mərkəz ətrafında planetlərlə birlikdə helikal rəqsinə qravitasion təsiri olar. Amma bu təsirin effekti milyon illər ərzində hiss edilə bilər. Milyon illərə müqabil günlük verilən ulduz fallarıının günlük təsirləri yenə puça çıxır. 

Ayrılabilmə prinsipi

Ulduz fallarının pozduğu önəmli fizika qanunauyğunluqlarından biri də ayrılabilmə prinsipidir. Ayrılabilmə prinsipi nədir? Klassik Nyutonian dünyagörüşündə maddə, planet və insan yalnız real fiziki qüvvələrlə bir-birinə təsir edə bilər. Planet ayrı, insan ayrı, maddə ayrılıqda obyektlərdi. Obyektlər bir-birindən ayrılıqda o birinə təsir edir. Əl-ələ görüşüb salamlaşanda, stulda oturanda  əllər arasında, bədənlə stul arasında elektromaqnit, cazibə qüvvələri təsir göstərir. Köhnə dostu görəndə onun üzərinə düşən işıq refleksiyaya uğrayıb gözümüzün retinasına düşəndə köhnə dost olduğunu başa düşürük. Bu tip reduksion analizlərlə normodünyanın hər olayını izah etmək mümkündü.

Bu klassik görüşdən əvvəl ayrılabilmə prinsipini pozan orta əsr mistik görüşləri vardır. Onlar indi də qalmaqdadır. Cadugər kuklanın ürəyinə iynə batırır. Tamam fərqli yerdə olan adamın ürəyi sancır. Falçı kişinin şəklinə üfürür, bəlirsiz səslər çıxarır və xəyanətkar ər səhvini başa düşür, ailəsinin yanına qayıdır. Əlkimyaçılar elə düşünürdü ki, onların günahlarının az olması qabların içində apardıqları reaksiayalara müsbət təsir edirdi. Vicdanı qaralan əlkimyaçı yaxşı reaksiya apara bilməzdi. Modern elmin nailiyyətlərilə ayrılabilməni pozan bu tip sərgüzəştlər artıq elmi deyildir. Ancaq elmi olan başqa bir məsələ var ki, ayrılabilmə prinsipini poza bilər: Albert Eynşteynin "qəribə hərəkət" adlandırdığı fiziki fenomen.

Müasir fizikanın ən nüfuzlu nəzəriyyəsi-kvant fizikasının prinsipləri ayrılabilmə klassik görüşünü alt-üst edə bilər. Kvant dolaşıqlığı diktə edir ki, bir-birindən işıq illəri uzaqlıqda olan iki zərrəcik bir-birinə işıqdan sürətli təsir göstərə bilər. Eksperimentlər bunu tamamilə təsdiqləmişdir. İndi elm adamları bunun interpretasiyası üzərində baş sındırırlar. Amma bu, tamam fərqli mövzudu və hər hansı elmi biliyi olmayan cadugər, falçı kvant fizikasından təbii ki, çox - çox uzaqdı. Özünü qəribə formaya salan, qəribə səslər çıxaran, bir-birindən əlaqəsiz əşyaları bir yerə toplayıb kimisə falın qurbanına çevirməsi, təbii ki, falçı xalanın kvant fizikasının prinsiplərindən istifadə etdiyini qətiyyən göstərmir.

 

No comments:

Post a Comment