September 4, 2016

Toplumların İnkişafı və Kontinental Ox

Toplumların inkişafı tez-tez üzərində müzakirələrin getdiyi bir mövzudu. Niyə fransızlar Fransa qura biliblər, buna baxmayaraq özbəklər ancaq Özbəkistan ərsəyə gətiriblər? Yaponlar robotlara demək olar ki, hiss, duyğular da verə bilməyi öyrəniblər, ancaq venesuelalılar 2016-ci ildə adi məişət əşyaları üçün Kolumbiyaya möhtac qalıblar? İsveçrəlilər innovativ avtonom sistemləri yarada bildikləri halda, azərbaycanlılar yaşayış massivlərində adi drenaj xətlərinin yoxluğundan belə əziyyət çəkirlər?

Suallara elə də asanlıqla cavab vermək olmur. Səbəb multifaktor təsirlərdi. Hər hansı tək amili nəzərə alıb, kompleks suallara cavab vermək çətindi, praktiki mümkün deyil. Üstəlik seçilən modelin təkmilliyi də şərtdi (Modelin təkmillyi haqda əvvəl yazmışdım). Burda həmin faktrolardan yalnız birinin üstündə dayanacam: kontinental ox faktorunun.

Kontinental ox belə demək mümkündürsə, materiklərin "böyük oxlar"ının istiqamətidi. Şəkildə Avrasiya, Amerika və Afrika üçün kontinental oxlar göstərilmişdir. Kontinental oxların insan toplumlarının inkişafında böyük, bəzən də faciəvi təsiri olmuşdu.

Xəritəyə diqqətlə baxsaq, oxlar boyunca iqlimin, bitkilərin yetişməsi üçün münbit şəraitin, landşaftın dəyişmə sürətində fərqləri görə bilərik. İşıqlanma və istilik zonaları Amerika və Afrika oxları boyunca daha tez dəyişir, nəinki Avrasiya materikində. Avrasiyada oxun sol tərəfindən, Portuqaliya, Pireney yarımadasından sağa- Koreya, Yaponiyaya kimi coğrafi enlik dərəcələri az dəyişir. Halbuki, Amerikada, Kanadanın şimalından ox boyunca aşağıya doğru Argentina, Pataqoniya düzənliklərinə kimi coğrafi zonalar subarkitikdən mülayimə qədər fərqlənən dəyişiklik göstərir. Bu dəyişikliklər bəs nədə özünü göstərir? 

© Amerika, Afirka və Avrasiya materiklərinin kontinental oxu


Ən asası, qida istehsalının yayılmasında. Söhbət eradan əvvəlki vaxtlardan, bəşər övladının bitkiləri (taxıl, meyvə-tərəvəz) əkib-becərmək və heyvanları əhliləşdirmək bacarığının hələ təzəcə formalaşdığı vaxtlardan gedir. Avrasiyada evcilləşdirilən bitiklər qısa zamanda ox boyunca yayılır, heyvan məsələn, itlərin əhliləşdirilməsi Çindən İspaniyaya rahatlıqla doğru yayılmağa başlayır. Buna baxmayaraq, Afrika oxu boyunca, Misirdə becərilməyə başlayan bitkilər aşağı, ancaq Efiopiyaya qədər enə bilmişdi. Efopiyadan sonra keçilməz meşələr və qərbə doğru kilometlərlə uzanan Böyük Saxara başlayırdı. Həmçinin, Mezoamerikada ilk dəfə becərilməyə başlanan pambıq aşağıya, Çili, And dağları sakinlərinə qədər gedib çata bilməmişdi. Panama boğazından bir qədər aşağıdan etibarən keçilməz Amazon meşələri, anakonda oylaqları başlayırdı. Və nəticədə qida məhsullarının becərilməsi elə bu nöqtələrdə bitirdi.

Bununla belə, oturaq qida istehsalına başlanılması necə ki, öz növbəsində yazını, texnologiyanı, sivilizaisya mədəniyyətini, dövlətləri, imperiyaları rəvac verir, eynilə bəşərin bu icadlarının yayılması da kontinental ox boyunca hər materik üçün fərqli sürət göstərir. Məsələn, e.ə. 3000-ci ildə təkər ixtirası cənub-şərqi, indiki Yaxın Şərqdə baş verir və bir neçə əsr ərzində Avrasiyanın hər yerinə yayılır. Amma bundan asılı olmadan Meksikada ixtira olunan təkər And dağları sakinlərinə gedib çata bilmir. Şumer, Babil mədəniyytələrinin formalaşdığı münbit torpaqlarda ilk dəfə yazı e.ə 1500-lərdə yaranarkən min il ərzində Hind yarımadasına qədər çata bilir. Amma Mezomerika yazısı Çiliyə çox-çox ləng, heç 2 min ildə belə yayıla bilməmişdi.

Nəticə olaraq, kontinental ox buna bağlı olaraq qida istehsalı, heyvan əhliləşdirilməsi, yazı mədəniyyəti, metallurgiya, texnolgiya və nəhayət imperiyaların ortaya çıxmasında toplumların və millətlərin taleyinə təsir etmişdi. Tək bir faktorun bu qədər təsiredici hökmü varsa, bütöv mənzərə üçün görün, nə qədər analizə ehtiyac var. Bu səbəbdən də, millətləri, cəmiyyətlərin müqaysiə edərkən xeyli bilgiyə, multifaktor dəyərləndirməyə ehtiyac var.

Bəs millətlərin özünəməxsus xarakterlərinin onların inkişafında təsiri nə dərəcədədi? Suriyanın o gündə olmasında suriya toplum fərdlərinin nə qədər və hansı formada günahları var? "Olanımız budu, fransadan xalq gətirəsi deyilik ki" deyib ölkəmizin sürətli inkişafına neçə müddət biganə olmaq mümkündü? Qveniyalıların avstraliyalılardan nə fərqləri var ki, o qədər yaxınlıqda olmasına baxmayaraq Papua-Yeni Qvineya Avstraliya qədər inkişaf etməmişdir? (Bu haqda, eləcə də insan toplumlarının inkişafında deterministik görüşün yoxsa progressiv düşüncənin təsiri mövzusunda növbəti yazılarda).

3 comments:

  1. Əla :-) Bəs bu iki Koreya arasındakı fərqi hansı oxlarla açıqlamaq olar?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Rövşən, sən məsələni 1000 illəri əhatə edən zaman qavraması ilə düşün

    ReplyDelete